Bu gün, iyulun 22-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Anar Abdullanın həbsindən verilən şikayətə baxılıb. Prosesdə Binəqədi rayon Məhkəməsinin qərarı qüvvədə saxlanaraq şikayət təmin edilməyib.
Bu barədə onun yaxınları məlumat verib.
A.Abdulla iyulun 11-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib.
A.Abdulla məhkəməsində bildirib ki, Atatürk Prospektində avtobusdan düşəndə saxlanılıb və heç bir inzibati xəta törətməyib.
A.Abdulla Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli ilə birlikdə cinayət işinə də cəlb olunub. O, qaçaqmalçılıq da daxil olmaqla səkkiz maliyyə cinayəti əməlində ittiham olunur. Barəsində polisin nəzarətinə vermə-qətimkan tədbiri seçilib.
Xatırlatma
SMDT rəhbəri A.Məmmədli ötən il aprelin 29-dan həbsdədir. Ona qarşı öncə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülsə də, istintaqın sonunda qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. maddələrlə ittiham ağırlaşdırılıb. Həmin maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 370-dən çox siyasi məhbus var. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi iradəsinə görə insanların təqib olunmadığını bildirir və siyasi məhbusların olmasını qəbul etmir.