Böyük Britaniya iyulun 21-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini elan edib. Britaniyanın xarici işlər naziri Devid Lemminin sözlərinə görə, bu sanksiyalar Rusiyanı Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi neft gəlirlərindən məhrum etməyə yönəlib.
Sanksiyalar siyahısına Rusiyanın neft və neft məhsullarını daşımaq üçün istifadə etdiyi "kölgə donanması"na aid 135 neft tankeri daxil edilib. Londonun məlumatına görə, 2024-cü ilin əvvəlindən bəri bu tankerlər 24 milyard dollar dəyərində Rusiya neftini daşıyıb.
Yeni paket çərçivəsində həmçinin Rusiya neftinin daşınmasında iştirak edən iki şirkətə qarşı da sanksiyalar tətbiq edilib. "Litasco Middle East" şirkəti Birləşmiş Ərəb Əmirlikdlərində (BƏƏ) yerləşir və "LUKOIL" neft şirkətinin xarici törəmə şirkəti olduğu iddia olunur. İkinci şirkət "Intershipping Services" də eyni ölkədə yerləşir. Bu şirkətin də Rusiya neftinin Qabon və Komor adalarının bayraqları altında üzən gəmilərlə daşınmasında iştirak etdiyi bildirilir.
Ötən həftə Böyük Britaniya Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) 18 şübhəli zabitinin adını sanksiya siyahısına daxil edib, həmçinin Avropa İttifaqının Rusiya neftinə tətbiq olunan qiymət həddinin azaldılması qərarına qoşulub.