Əliyev: 'Bizim ərazidə heç bir icarədar ola bilməz'

İlham Əliyev

Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumda Ermənistanın Sünik bölgəsindən keçəcək yolla bağlı ABŞ-dən təklif gəlməsi və buna Ermənistanın münasibəti ilə bağlı suala cavab verib.

İ.Əliyev vurğulayıb ki, əslində bu sual Ermənistan rəhbərliyinə ünvanlanmalıdır: "Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Ermənistan nə etmək istəyir? Onlar çox şey edə bilərlər, mənim bundan xəbərim yoxdur".

Əliyevin sözlərinə görə, onlar üçün isə "ən başlıca məsələ odur ki, ...Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçid olmalıdır".

Bugünlərdə Ermənistan baş naziri Nikol Paşinyan da Sünik (Zəngəzur) yolu ilə bağlı ABŞ-dən təkliflər aldıqlarını təsdiqləmişdi.

Onun deməsinə görə, Ermənistan təkcə ABŞ-dən deyil, digər dost ölkələrdən də müxtəlif təkliflər alıb və almaqda davam edir. "Çox vacib bir məqam var – müzakirə olunan bütün məsələlər Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası əsasında aparılır", –N.Paşinyan vurğulayıb.

ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak iyulun 13-də Nyu-Yorkda jurnalistlərə bildirib ki, ölkəsi Naxçıvanla Azərbaycanın qalan hissəsini birləşdirəcək yolu 100 il müddətinə icarəyə götürmək təklifini edib.

Azərbaycan hökuməti Naxçıvanla quru əlaqəsini nəzərdə tutan, Ermənistanın Sünik ərazisindən keçməli olan yola "Zəngəzur dəhlizi" deyir. Ermənistan tərəfi isə bunu ərazi iddiası adlandırır.

Ermənistanla kommunikasiya xətlərinin açılması məsələsi əvvəllər sülh sazişi layihəsində yer alsa da, tərəflər 2024-cü ilin avqustunda bəyan etdi ki, bu müddəa qarşılıqlı razılıq əsasında layihədən çıxarılıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Zəngəzurun 100 illik icarəsi...' - Bakı və Yerevan dəhlizin icarəsini Vaşinqtona verəcəkmi?

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu ilin martında saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.