Müsəlman Birliyi Hərəkatının sədri, 10 ilə yaxındır həbsdə olan ilahiyyatçı Taleh Bağırovun cəza rejimi ağırlaşdırılıb. 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan ilahiyyatçının 1 il müddətinə qapalı həbsxana rejiminə göndərilməsinə qərar verilib. Bu qərarı müəssisə rəhbərliyinin təqdimatı əsasında iyulun 18-də Qaradağ rayon Məhkəməsi çıxarıb.
T.Bağırovun yaxınları AzadlıqRadiosuna bildiriblər ki, son vaxtlar onu ard-arda 12 saylı Cəzaçəkmə Müəssisəsində cərimə otağına (karser) salandan sonra həbsxana rejiminə köçürüləcəyi gözlənilən idi. Bununla bağlı özünə də öncədən xəbərdarlıq edildiyi bildirilir.
Yaxınlarının deyirlər ki, T.Bağırov sözügedən cəzaçəkmə müəssisəsində yaşanan özbaşınalıqlara, özəlliklə məhkumların saxlandığı yataqxana binasının uçması nəticəsində bir nəfərin ölməsinə, onlarla insanın ölümünə etirazına görə cəzalandırılır: "Təqdimatda yazıblar ki, guya daxili intizam qaydalarına əməl etmir. 12 saylı müəssisənin bərbad vəziyyətdə olduğu deyilirdi, əhəmiyyət verilmirdi. Nəticədə yataqxananın biri uçdu, bir nəfər öldü. Nəticə çıxarmadılar. Bir müddət sonra daha biri uçdu. Yenə də adamları orada saxlayırlar. Belə özbaşınalıqlara etiraz edir".
T.Bağırova iyunun 19-da üç gün, iyunun 22-də isə beş günlük "kars" cəzası verilib.
İlahiyyatçıya kəsilmiş 20 illik cəzanın 7 ilinin həbsxana rejimində çəkilməsi hökmdə göstərilib. O, cəzanın həmin hissəsini Qobustan həbsxanasında çəkdikdən sonra təxminən 3 il öncə 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdü.
Xatırlatma
T.Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin öldüyü əməliyyat zamanı həbs edilib. Həmin gün onunla yanaşı, rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatının bir çox üzvü, Nardaran sakinləri də saxlanılıb.
Sonradan güc strukturları Nardaran olayları ilə əlaqədar toplam 70-ə yaxın şəxsin həbs olunduğunu açıqlayıb. Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq və s.) 13 ildən 20 ilədək cəza verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə T.Bağırov da 20 il azadlıqdan məhrum edilib. İlahiyyatçı və onunla birlikdə mühakimə olunanlar məhkəmədə ifadə verərkən ittihamları rədd ediblər. Onlar işgəncəyə məruz qaldıqlarını da vurğulayıblar.
Daxili İşlər Nazirliyi işgəncə iddialarını təkzib etsə də, Avropa Məhkəməsi T.Bağırov və digərlərinin işgəncə şikayəti üzrə qərar çıxarıb. Hökumətin üzərinə bu pozuntuya görə onlara kompensasiya ödəmək öhdəliyi qoyulub.