'İlin müəllimi' Ukraynada həlak olub

Rusiya ordusu

2022-ci ildə "ilin müəllimi" seçilən və Rusiya prezidenti Vladimir Putinlə görüşən Moskva şəhərindəki Marşal Çuykov adına məktəbin "Vətənin təhlükəsizliyinin və müdafiəsinin əsasları" fənninin müəllimi Gennadi Starunov Ukraynada müharibədə ölüb.

G.Starunov "Moskva 2022-ci ilin müəllimi" müsabiqəsinin qalibidir və 2022-ci ilin oktyabrından müharibədə iştirak edirdi. "Meduza"nın məlumatına görə, 2023-cü ilin yanvarında Starunov Belarusda təlimlərdə iştirak edən Rusiyanın səfərbər edilmiş qoşunları arasında olub. Rusiyanın təhsil naziri Sergey Kravtsov Belarusda təlimdəki əsgərlərlə görüşündə Starunova "Gənclik və peşəkarlıq" mükafatı təqdim edib.

2025-ci ilin mayın sonunda Starunov prezident Putinin rəhbərliyi ilə keçirilən "Rusiya imkanlar ölkəsi" adlı qeyri-kommersiya təşkilatının müşahidə şurasının iclasında iştirak edib. Müəllim prezidentə öz hərbi bloqu barədə danışıb, həmçinin "xüsusi hərbi əməliyyat"ın (Rusiya Ukraynadakı işğalçı müharibəsini belə adlandırır) iştirakçılarının platformanın müsabiqələrində iştirak edə bilməsi üçün əvvəlcədən hazırlıq mərhələsinin yaradılmasını təklif edib.