Silah-sursat üçün Ukraynanın 6 milyard dollara ehtiyacı var

Denis Şmıqal

Ukraynanın 2025-ci il üçün hərbi satınalmaları təmin etmək məqsədilə əlavə 6 milyard dollara ehtiyacı var. Bunu "Ramşteyn" formatında keçirilən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında Ukraynanın müdafiə naziri Denis Şmıqal deyib.

50-yə yaxın ölkədən nümayəndənin qatıldığı iclas iyulun 21-də Böyük Britaniya və Almaniyanın sədrliyi ilə onlayn formatda baş tutub.

Şmıqalın sözlərinə görə, əlavə maliyyələşdirmə Ukraynaya döyüş xəttini qorumaq üçün daha çox FPV dronu istehsal etməyə, Rusiyanın "Şahed" tipli zərbə dronlarının hücumlarına qarşı mübarizə aparmaq üçün daha çox interseptorlar almağa və "müharibəni Rusiyaya geri qaytarmaq üçün əlavə zərbə silahları" əldə etməyə imkan verəcək. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski, öz növbəsində, tərəfdaşları hava hücumundan müdafiə sistemləri və onlar üçün sursat, uzaq mənzilli raketlər, artilleriya mərmiləri, elektron döyüş sistemləri, radarlar və pilotsuz uçuş aparatlarının tədarükünü artırmağa çağırıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlamasında ölkəsinin Ukraynanı Rusiyanın hava hücumlarından qorumaq üçün əlavə "Patriot" hava hücumundan müdafiə sistemlərinin çatdırılmasına töhfə verəcəyini bildirib. DW-nin xəbərinə görə, Pistorius deyib ki, Ukraynaya beş belə sistem lazımdır. Nazirin sözlərinə görə, Berlin bu sistemlərin ən qısa zamanda Kiyevə çatdırılmasına çalışacaq və yaxın günlərdə bununla bağlı tərəfdaşlarla məsləhətləşmələr aparacaq.

Ancaq Pistorius bu sistemlərin çatdırılması ilə bağlı birbaşa vədlər verməyib. Daha əvvəl bildirilmişdi ki, Almaniya və ABŞ iki "Patriot" sisteminin Ukraynaya ötürülməsinə dair razılığa gəlib və texniki səviyyədə müzakirələr aparılır.

"Ramşteyn" formatında keçirilən onlayn iclasda Almaniya və Böyük Britaniyanın birgə layihəsi də elan edilib. Belə ki, bu layihə çərçivəsində Almaniya tərəfindən daha əvvəl verilmiş "Gepard" hava hücumundan müdafiə sistemləri üçün Ukraynaya 220 min mərmi tədarük olunacaq.