Azərbaycan xəbərləri
Prezident: 'Ümid edirik ki, Ermənistan sülh sazişi təklifi ilə bağlı şərhlərimizə…'

Bu gün, martın 8-də Bakıda səfərdə olan Latviya Prezidenti Eqils Levits Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb.
"Mən Latviya prezidentini Cənubi Qafqazda vəziyyətlə, xüsusən də Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı məlumatlandırdım. Ümid edirik ki, Ermənistan sülh sazişi təklifi ilə bağlı şərhlərimizə müsbət cavab verəcək", - Əliyev Levits ilə görüşdən sonra mətbuata bəyanatında bildirib.
Dövlət başçısı sonra da deyib: "Biz bir az öncə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklifimizi verdik. Sonra Ermənistandan şərhləri aldıq və onların şərhləri ilə bağlı öz şərhlərimizi göndərdik. Bu, baxılma prosesindədir".
Amma o, şərtlərin detallarını açıqlamayıb.
Azərbaycan rəsmiləri Qarabağı daxili məsələ sayır, regiondakı erməni əhalinin ölkənin bütün vətəndaşları ilə eyni hüquqlara malik olduğunu bildirirlər. Onlar hesab edirlər ki, Qarabağ məsələsi sülh sazişi layihəsinə salınmamalıdır. Amma Ermənistan rəsmiləri Qarabağın təhlükəsizliyini də önə çəkirlər. Hərçənd, Qarabağ məsələsinin sülh sazişinə salınması haqda Ermənistan tərəfdən son vaxtlar fərqli açıqlamalar da gəlir. Ölkənin yüksək rütbəli bəzi məmurları bu məsələnin sülh sazişinə salınmaması haqda da bəyanatlar səsləndiriblər.
Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılıb.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Bütün xəbərləri izləyin
Neft Fondunun AÇG-dən gəlirləri azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 4 milyard 427 milyon manat vəsait daxil olub.
Bu barədə iyulun 23-də həmin fonddan məlumat yayılıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 682 milyon manat və ya 13.3 faiz azdır. Ötən illə müqayisədə neftin dünya bazar qiymətlərində ucuzlaşma var. Üstəlik, Azərbaycanda neft hasilatı da azalır.
Amma ARDNF-nin özünün vəsaiti artıb. Bu ilin iyunun sonuna Fondun aktivləri 66.5 milyard ABŞ dollarına çatıb. ARDNF-nin aktivləri ilin əvvəli ilə müqayisədə 10.8% artıb.
Azərbaycanın ümumi valyuta ehtiyatları isə 77 milyard dolları ötüb. (onun 11 milyardı Mərkəzi Bankın aktivləridir)
Bu ilin yanvar-iyun aylarında Fondun gəlirləri 8.8 milyard manat, xərcləri isə 7.3 milyard manat təşkil edib.
31 il öncə, 1994-cü ildə Azərbaycan hökuməti beynəlxalq təşkilatlarla AÇG yataqlar blokunun istismarı ilə bağlı saziş imzalayıb. 2017-ci il sentyabrın 14-də bu müqavilənin müddəti 2050-ci ilə qədər uzadılıb.
Xatırlatma
ARDNF 1999-cu ildə yaradılıb, 2001-ci ildə fəaliyyətə başlayıb.
İndiyə kimi Neft Fonduna 207 milyard dollardan çox vəsait daxil olduğu bildirilir. Bu vəsaitlərin böyük bir hissəsi büdcə transfertlərinə və bir çox layihələrin reallaşmasına xərclənib. Amma müxalifətin iddialarına görə, həmin vəsaitin bir hissəsi də korrupsiyanın yemi olub. Rəsmilər isə belə iddiaları əsassız sayırlar.
ABŞ konqresmeni iqtisadçı Qubad İbadoğluya azadlıq istəyir

ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Kris Smit iqtisadçı-professor Qubad İbadoğlunun azadlığının təmin olunmasına çağırır. O, iqtisadçının haqsız həbsinin ikinci ildönümündə belə bir çağırışla çıxış edib.
Tom Lantos İnsan Hüquqları Komissiyasının həmsədri olan K.Smit Q.İbadoğlu barəsində saxta pul ittihamının absurd sayıldığını vurğulayır, onun və bütün siyasi məhbusların şərtsiz azad edilməsini Tramp administrasiyasının Qafqazda sülhün təşviqi yönündə "ən önəmli" prioriteti sayır.
"Dr. İbadoğlunun sağlamlığı pisləşdikcə, hökumət onu həbsxanadan ev həbsinə keçirdi, amma intiqam kampaniyası davam etdi, hətta gücləndi – ona tibbi xidmətlər ciddi şəkildə məhdudlaşdırıldı və nəzarət altında saxlandı", – K.Smit yazır.
Konqresmen Q.İbadoğlunun qardaşının da "rejimin repressiyaları"ndan yan keçmədiyini, polis nəzarətində olduğunu yazır, məqsədin iqtisadçını dəstəkləmək və müdafiə etmək istəyənləri qorxutmaq olduğunu bildirir.
"Tramp administrasiyasının onun və digər siyasi məhbusların azadlığı üçün çalışmasını yüksək qiymətləndiririk. Mən dövlət katibi Rubioya müraciət edirəm ki, təcili və qətiyyətlə hərəkət edərək Dr. İbadoğlunun həbsinə və tibbi zorakılığa görə məsuliyyət daşıyan şəxslərə qarşı hədəfli "Maqnitski" insan hüquqları və korrupsiya sanksiyalarının tətbiqini nəzərdən keçirsin", – konqresmen vurğulayır.
Xatırlatma
Q.İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilib, saxta pul hazırlamaqda ittiham olunub. Onun təşkilatının ofisindən 40 min dollar tapıldığı, bunun bir hissəsinin saxta olduğu iddia edilib. Təqsirləndirilən professor isə bu pulların ofisə elə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən atıldığını bəyan edib. İstintaqın gedişində Q.İbadoğluya Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsiylə ittiham verilsə də, o bu ittihamı da qəbul etməyərək cinayət işində yazılanların yalanlayıb.
Q.İbadoğlu ötən il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Avqustda isə onunla bağlı cinayət işi ümumi işdən ayrılıb.
Q.İbadoğluya qarşı cinayət işi çərçivəsində saxlanmış iqtisadçı Fazil Qasımova isə 9 il həbs cəzası kəsilib.
Q.İbadoğlunun qardaşı Qalib Bayramova qarşı bu il cinayət işi açılıb.
Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin olmadığını bildirir.
Yaxınları: 'Hacı Vəliyev aclığı dayandırıb'

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) həbsdə olan sədri Hacı Vəliyevin aclıq aksiyasını dayandırdığı bildirilir.
Bu barədə iyulun 22-də onun yaxınları məlumat yayıb.
Məlumatda bildirilir ki, Vəliyev qərarını ailəsinin təkidi və səhhətində yaranan ciddi problemlərlə izah edib: "Hacı Vəliyev saxlanma şəraitindən və gözündəki ciddi problemin hələ də müalicə olunmamasından narazılığını ifadə edib. Uzunmüddətli aclıq aksiyasının onun fiziki və psixoloji vəziyyətinə dərin mənfi təsir göstərdiyi aydındır. Bu, artıq geri dönməz fəsadlara səbəb ola bilər".
Bu məlumata Penitensiar Xidmət və ya başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Vəliyev iyunun 21-dən "ədalətsiz mühakiməsinə qarşı" aclıq aksiyasına başladığını açıqlamışdı. Daha əvvəl vəkilləri onun yeriməkdə çətinlik çəkdiyini, səhhətinin ağırlaşdığını bildirmişdilər.
Vəliyev İkinci Qarabağ müharibəsində gözlərinin birini itirib. Onun digər gözündə də problem yarandığı söylənirdi.
H.Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq...) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
Xatırlatma
H.Vəliyev bu il aprelin 1-də həbs edilib. İttihami qəbul etmir. Onun həbsindən sonra "Gənc Qazilər" İB-nin fəaliyyətini dayandırdığı açıqlanıb. Bu barədə həmin qurum adından yayılan məlumatda qeyd olunub ki, son dövrlər yaranmış bir sıra obyektiv, subyektiv səbəblər, o cümlədən üzvlər arasında əlaqələrin zəifləməsini nəzərə alaraq, təşkilatın fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb: "Yekun nəticə olaraq, birliyin fəaliyyətinin bu mərhələdə dayandırılmasının daha məqsədəuyğun olduğu qənaətinə gəlmişik".
H.Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı. O, xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və ya həlak olanların ailələrinin problemlərini ictimailəşdirib.
"Gənc Qazilər" İB 2021-ci ildə "Qarabağ Qaziləri" İB-nin əsasında yaradılmışdı.
Azərbaycanda uçot dərəcəsi son bir ildə ilk dəfə endirildi

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini son bir ildə ilk dəfə endirib. Qurumun bu gün, iyulun 23-də açıqlanan qərarına görə, uçot dərəcəsi 7 faizə, faiz dəhlizinin aşağı həddi 6-ya, yuxarı həddi isə 8-ə endirib.
"Qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib", - Mərkəzi Bank bildirir.
Mərkəzi Bank 2024-cü ilin mayından etibarən uçot faiz dərəcəsini (7.25) sabit saxlayıb.
Mərkəzi Bank inflyasiya proqnozunu açıqlayıb
AMB 2025-ci il və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır.
Qurum vurğulayıb ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5.7, 2026-cı ildə isə 5.3 faiz olacağı gözlənilir.
Bundan əvvəl Dövlət Statistika Komitəsi açıqlamışdı ki, iyunda son bir illə müqayisədə inflyasiya 6 faiz olub. Müstəqil iqtisadçılar isə bu rəqəmə şübhə ilə yanaşaraq onun reallıqda ikirəqəmli olduğunu düşünürlər. Onlar habelə hesab edirlər ki, Azərbaycanda uçot dərəcəsinin müəyyən edilməsi bir qədər formal xarakter daşıyır. Həmin şəxslər deyir ki, uçot dərəcələri dəyişəndə belə bu bank faizlərinə təsir etmir. Əslində uçot dərəcəsi aşağı olarsa, kredit faizləri aşağı düşməlidir. Müstəqil ekspertlər vurğulayırlar ki, ölkədə iqtisadi institutlar zəif olduğu üçün Mərkəzi Bankın və onun faiz dərəcəsinin iqtisadiyyatda ciddi rol almasında problemlər var.
İctimai fəalın şikayəti təmin edilməyib

Bu gün, iyulun 22-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Anar Abdullanın həbsindən verilən şikayətə baxılıb. Prosesdə Binəqədi rayon Məhkəməsinin qərarı qüvvədə saxlanaraq şikayət təmin edilməyib.
Bu barədə onun yaxınları məlumat verib.
A.Abdulla iyulun 11-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib.
A.Abdulla məhkəməsində bildirib ki, Atatürk Prospektində avtobusdan düşəndə saxlanılıb və heç bir inzibati xəta törətməyib.
A.Abdulla Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli ilə birlikdə cinayət işinə də cəlb olunub. O, qaçaqmalçılıq da daxil olmaqla səkkiz maliyyə cinayəti əməlində ittiham olunur. Barəsində polisin nəzarətinə vermə-qətimkan tədbiri seçilib.
Xatırlatma
SMDT rəhbəri A.Məmmədli ötən il aprelin 29-dan həbsdədir. Ona qarşı öncə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülsə də, istintaqın sonunda qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. maddələrlə ittiham ağırlaşdırılıb. Həmin maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 370-dən çox siyasi məhbus var. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi iradəsinə görə insanların təqib olunmadığını bildirir və siyasi məhbusların olmasını qəbul etmir.
Azərbaycanın dövlət borcu azalıb, amma artacağı gözlənir
2025-ci il iyulun 1-də Azərbaycanın cəmi xarici və daxili borcu 25 milyard 695 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Maliyyə Nazirliyindən bildirilib.
2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2 milyard 399.6 milyon manat xərclər nəzərdə tutulur. 2025-ci il dövlət büdcəsinin xərcləri 41 milyard 407 milyon 600 min manat proqnozlaşdırılır. Büdcənin gəlirləri isə 38 milyard 356 milyon manat təşkil etməlidir.
Cəmi borcun təqribən 17 milyard 177 milyon manatı daxili, 5 milyard 10.7 milyon ABŞ dolları (8 milyard 518.19 milyon manat) isə xarici borcun payına düşür.
Ölkənin cəmi borcu bu ilin əvvəli ilə müqayisədə 6.2 faiz və ya 1 milyard 684.6 milyon manat azalıb.
Amma 2025-ci ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 29 milyard manata çatacağı gözlənilir. Bu barədə də elə üç ay əvvəl, aprelin 15-də Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilirdi. Üstəlik, qeyd edilirdi ki, ortamüddətli (2026-2029) dövrün sonuna Azərbaycan dövlət borcunun ümumi məbləğinin 32.7 milyard manata çatacağı proqnozlaşdırılır.
Halbuki, bir neçə il öncə rəsmilər çıxışlarında, bir qayda olaraq, vurğulayırdılar ki, hökumətin qarşısına qoyduğu əsas məqsədlərdən biri dövlət borcunu azaltmaqdır.
Əli Kərimlinin mühafizəçisinin həbs müddəti uzadılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Kənan Zeynalovun (Basqal) həbs müddəti daha 2 ay uzadılıb.
İyulun 21-də bununla bağlı Suraxanı rayon Məhkəməsi istintaq qurumunun vəsatətini təmin edib.
K.Basqalın yaxınlarının sözlərinə görə, prosesdə iştirak edən müstəntiq həbs müddətinin artırılması ilə bağlı vəsatəti müdafiə edib və bunu istintaqın hələ başa çatmaması ilə izah edib.
Müdafiə tərəfi isə bununla razı olmayıb. Onlar hesab edirlər ki, K.Basqalın həbsdə olduğu bu 4 ayda istintaq hərəkətı aparılmayıb.
Lakin hakim istintaq orqanının vəsatətini təmin edib.
"Üstəlik, Kənan Basqalın ailə üzvləri ilə görüşünə qanunsuz olaraq qadağa qoyulub", - onun yaxınları AzadlıqRadiosuna bildiriblər.
Bu deyilənlərə cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
K.Basqal bu il martın 21-də saxlanıb. O, Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində 36 yaşlı bir şəxsi qarın nahiyəsindən bıçaqlamaqda ittiham edilir. K.Basqal ittihamı qəbul etmir və şərləndiyini bəyan edib.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Onlardan bir neçəsinin də elə AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi olduğu bildirilir.
Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Xalq Cəbhəsi üzvünün həbsdə təxribatla üzləşdiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Təşkilat şöbəsinin həbsdə olan müdir müavini Elxan Əliyevin 17 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) təxribatla üz- üzə qaldığı bildirilir.
Bu barədə həmin partiyadan məlumat verilib.
Partiya yoldaşlarının deməsinə görə, bir müddət əvvəl 6 saylı CÇM- dən yeri dəyişdirilmiş E.Əliyevin gününü 17 saylı CÇM-də, sözün əsl mənasında, qara edirlər.
"Elxan bəy ailəsinə bildirib ki, müəssisəyə gəldiyi gündən rəhbərlik tərəfindən ayrıseçkiliyə məruz qalır. Belə ki, Elxan bəyə salam verən, onunla yaxınlıq edən dustaqlara müəssisə rəhbərliyi xəbərdarlıq edib, töhmət verir . Bundan başqa, digər dustaqları Elxan bəyin üstünə qaldırırlar ki, Elxan bəy aqressiv cavab versin. Bununla da Elxan bəyi təxribata çəkib daha ağır cəza versinlər. İş o yerə çatıb ki, Elxan bəy normal qidalana da bilmir...", - AXCP-dən bildirilib.
AXCP-dən vurğulanıb ki, bu cür münasibət insult keçirmiş E.Əliyev üçün həyatı təhlükə yaradır: "Elxan bəyin verdiyi məlumata görə, bütün bunların başında Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov durur. Məhz onun tapşırığı əsasında o hər gün təxribatla üz-üzə qalır".
Bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bu xidmətdən, bir qayda olaraq, iddia edirlər ki, onlar məhbuslarla qanun çərçivəsində davranırlar.
Dələduzluqda ittiham edilən E.Əliyev ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə 5 il həbs cəzası alıb. O, ittihamı qəbul etmir.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin hazırda 15 civarında üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilib. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 370-dan çox siyasi məhbus var.
Əliyev: 'Bizim ərazidə heç bir icarədar ola bilməz'

Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumda Ermənistanın Sünik bölgəsindən keçəcək yolla bağlı ABŞ-dən təklif gəlməsi və buna Ermənistanın münasibəti ilə bağlı suala cavab verib.
İ.Əliyev vurğulayıb ki, əslində bu sual Ermənistan rəhbərliyinə ünvanlanmalıdır: "Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Ermənistan nə etmək istəyir? Onlar çox şey edə bilərlər, mənim bundan xəbərim yoxdur".
Əliyevin sözlərinə görə, onlar üçün isə "ən başlıca məsələ odur ki, ...Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçid olmalıdır".
Bugünlərdə Ermənistan baş naziri Nikol Paşinyan da Sünik (Zəngəzur) yolu ilə bağlı ABŞ-dən təkliflər aldıqlarını təsdiqləmişdi.
Onun deməsinə görə, Ermənistan təkcə ABŞ-dən deyil, digər dost ölkələrdən də müxtəlif təkliflər alıb və almaqda davam edir. "Çox vacib bir məqam var – müzakirə olunan bütün məsələlər Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası əsasında aparılır", –N.Paşinyan vurğulayıb.
ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak iyulun 13-də Nyu-Yorkda jurnalistlərə bildirib ki, ölkəsi Naxçıvanla Azərbaycanın qalan hissəsini birləşdirəcək yolu 100 il müddətinə icarəyə götürmək təklifini edib.
Azərbaycan hökuməti Naxçıvanla quru əlaqəsini nəzərdə tutan, Ermənistanın Sünik ərazisindən keçməli olan yola "Zəngəzur dəhlizi" deyir. Ermənistan tərəfi isə bunu ərazi iddiası adlandırır.
Ermənistanla kommunikasiya xətlərinin açılması məsələsi əvvəllər sülh sazişi layihəsində yer alsa da, tərəflər 2024-cü ilin avqustunda bəyan etdi ki, bu müddəa qarşılıqlı razılıq əsasında layihədən çıxarılıb.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu ilin martında saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.
Ələsgər Məmmədlinin səhhətinə görə prezidentə müraciət edilib

Azərbaycanda bir qrup vətəndaş cəmiyyəti təşkilatları nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri və ziyalılar "ToplumTV iși" üzrə həbsdə olan media eksperti, hüquqşünas Ələsgər Məmmədlinin səhhətindəki problemə görə ölkə prezidentinə müraciət ediblər.
Müraciətdə bildirilir ki, 2024-cü il martın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Ə.Məmmədlinin səhhətində ağırlaşmalar müşahidə olunub: "Ultrasəs müayinəsi zamanı qalxanvari vəzinin boyun hissəsində 23 mm ölçüdə heterogen (müxtəlif), periferik, vaskulyarizasiyalı TİRADS III düyün (50-75 faiz xərçəng ehtimalı), qaraciyərin steatozhepatozu (qaraciyər piylənməsi), pankreasın (mədəaltı vəzi) fibroz parenximatoz exostruktur dəyişikliyi, hər iki böyrəkdə mikrolitlər (kristallar), kalsinatlar (kalsium yataqları) və prostat vəzində 7 mm ölçüdə kalsinat aşkar edilib".
Müəlliflər vurğulayıblar ki, tibbi protokola görə, qalxanvari vəzin ölçüsünün 15 mm-dən böyük olması cərrahi əməliyyatı zəruri edə bilər.
Müraciətdə habelə əlavə olunub ki, Ə.Məmmədlidə kəskin boğulma, fasiləsiz başağrısı, başgicəllənməsi və ürəkbulanma kimi simptomlar artmaqdadır və bu hal onun həyatı üçün real təhlükə yaradır: "Təcili cərrahi əməliyyat olunmazsa, səhhəti daha da ağırlaşa və geridönməz vəziyyət yarada bilər".
Müraciət müəllifləri həmçinin Milli Mətbuatın 150 illiyi ərəfəsində media hüquqları sahəsində tanınmış ekspert saydıqları Ə.Məmmədliyə humanist yanaşma göstərilməsinə ümid etdiklərini bildiriblər. Onlar prezidentdən Ə.Məmmədlinin özəl klinikaların birində cərrahi əməliyyat olunması üçün hüquqi imkanların nəzərdən keçirilməsini xahiş ediblər.
Media hüququ üzrə ekspert və "Toplum" İnternet Televiziyasının həmtəsisçisi Ə.Məmmədlini 2024-cü martın 8-də Bakıda klinikaların birindən çıxarkən mülkigeyimli şəxslər saxlayıb. Ona qarşı irəli sürülən ittihamlar arasında valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və çirkli pulların yuyulması kimi ciddi ittihamlar yer alır. Özü bu ittihamları rədd edir və siyasi motivli olduğunu bildirir.
"ToplumTV işi" üzrə ümumilikdə 10-a yaxın şəxsə cinayət işi açılıb. Onların hamısı ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyir.
Xatırlatma
Bütövlükdə isə 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 370 siyasi məhbus var.
Rəsmilər, bir qayda olaraq, ölkədə heç kimin sırf peşə fəaliyyəti üzündən siyasi səbəblərlə həbs olunmadığını vurğulayırlar və iddia edirlər ki, sözügedən siyahılarda adları çəkilənlər törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.
Avropa Məhkəməsi işgəncə gördüyünü deyən Taleh Bağırovun hüquqlarının pozulduğunu tanıyıb

Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 16-da Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırovun və jurnalist Fikrət İbişbəylinin işgəncəyə məruz qalma şikayətləri ilə bağlı qərarını verib.
T.Bağırov 2015-ci il noyabrın 26-da (Nardaran hadisələri zamanı) Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılarkən işgəncəyə məruz qalmasına dair şikayət verib.
Məhkəmə hesab edib ki, şikayətə bağlı yerli qurumlar hərtərəfli araşdırma aparmalı idi, digər tərəfdən, ərizəçinin pis rəftara məruz qalması tibbi sənədlərlə təsdiq edilirdi. Beləliklə, AİHM Avropa Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq hüququ) maddəsinin maddə və prosessual aspektdən pozuntusunu tanıyıb.
2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirmişdi. Əməliyyat zamanı ikisi polis olmaqla, altı nəfər həlak olmuşdu. Həmin gün Müsəlman Birliyi Hərəkatının sədri T.Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq və s.) ittihamlar verilib. T.Bağırov 20 il həbs cəzası alıb və ittihamları qəbul etməyib.
Məhkəmədə də polislərin onlar tərəfindən öldürülmədiklərini və onlarda silah olmadığını vurğulayıblar.
Jurnalistin şikayəti
AİHM həmçinin jurnalist Fikrət İbişbəylinin (Fərəməzoğlu) də 2016-cı ildə BMCMİ əməkdaşları saxlarkən işgəncəyə məruz qalmasına dair şikayətinin effektiv araşdırılmaması qənaətinə gəlib və bunu Konvensiyanın 3-cü maddəsinin pozuntusu hesab edib.
T.Bağırova mənəvi zərərə görə 10 min avro, F.İbişbəyliyə isə 5 min avro kompensasiya ödənilməli olması müəyyən edilib.
Jurnalist Araşdırma Mərkəzinin və jam.az saytının rəhbəri F.İbişbəyli 2016-cı il iyunun 30-da saxlanıb.
2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 182-ci maddəsiylə təqsirli bilinərək 7 il azadlıqdan məhrum olunub. O, müxtəlif restoran, iaşə obyektləri sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanırdı. Amma jurnalist ittihamı qəbul etmir, deyirdi ki, sifarişlə həbs olunub. O, 2019-cu ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Qərarlara Azərbaycan Məhkəmə Hüquq Şurası, Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma DİN, bir qayda olaraq, saxlanan şəxslərə polisdə işgəncə verilməsi ilə bağlı şikayətləri buna qədər əsassız sayıb.
'Epi' ləqəbli reper Əkbər Novruzlu 30 sutka həbs edilib

"Epi" ləqəbli reper Əkbər Novruzlunun iyulun 16-da saxlandığı bildirilir.
Yerli saytların məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 510-cu (Xırda xuliqanlıq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs edilib.
Həbs qərarının Səbail rayon Məhkəməsində verildiyi bildirilir. Amma məsələni məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.
Sosial şəbəkələrdə isə Ə.Novruzlunun bir neçə gün əvvəl "Paster" ləqəbli repçi ilə rep deyişməsində hakimiyyətə yaxın şəxslərə məxsus olduğu bildirilən bankların adlarını çəkdiyi və bu üzdən onunla bağlı polisə şikayət olunduğu iddia edilir. Lakin bu iddiaya repçinin yaxınlarından hər hansı münasibət almaq mümkün olmayıb.
Xatırlatma
"Paster" ləqəbli repçi Pərviz Quluzadə 2019-cu il dekabrın 27-də 30 sutka inzibati həbsə məhkum edilmişdi. Daxili İşlər Nazirliyi (DİN) onun narkotikin təsiri altında ictimai asayişi pozduğunu və polisin qanuni tələbinə tabe olmadığını bildirmişdi. Binəqədi rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmama maddələri ilə cəzalandırmışdı. Lakin onda da sosial şəbəkələrdə onun məhz kliplərinin birində oxşar ifadələr işlətdiyinə görə cəzalandırıldığı vurğulanırdı. Lakin həmin məsələdə adı hallanan bank bu işə aidiyyətlərinin olmadığını açıqlamışdı.
Azərbaycanda külək elektrik stansiyalarında istehsal azalıb
2025-ci ilin birinci yarımilində Azərbaycanda elektrik enerjisinin istehsalı 291.5 mln. kVt/st. - 2.2 faiz artaraq 13 mlrd. 849.3 mln. kVt/st. olub.
Bu barədə Energetika Nazirliyi iyulun 15-də məlumat yayıb.
Bu dövrdə istilik elektrik stansiyalarında 11 mlrd. 519,2 mln. kVt/st, su elektrik stansiyalarında 1 mlrd. 860 mln. kVt/st elektrik enerjisi istehsal olunub.
Amma rəsmi açıqlamaların müqayisəsi göstərir ki, ayrılıqda götürəndə günəş elektrik stansiyalarında istehsalda artım olsa da, külək ( -8.7 mln.kVt/st) və Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda ( -0.5 mln.kVt/st) azalma var.
Bununla belə nazirlik vurğulayır ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə bərpa olunan enerji mənbələrindən 297.2 mln. kVt/st artımla 2 mlrd. 330.1 mln. kVt/st elektrik enerjisi hasil edilib.
2025-ci ildə Azərbaycanda yaşıl enerji (bərpa olunan enerji) istehsalının payının 24 faizə çatdırılması hədəflənir. Ölkənin ümumi enerji istehsalında bu payın 2030-cu ildə isə 30 faizə yüksəldilməsi planlaşdırılır. Amma 2024-cü il göstəricilərinə görə, bu rəqəm 21 faiz civarında olub.
Bəzi müstəqil iqtisadçılar düşünür ki, Azərbaycanda bərpa edilən enerji istehsalı bu sahəyə qoyulan investisiyalara adekvat deyil. Onların fikrincə, həmin sahəyə qoyulan vəsaitdən heç də səmərəli istifadə mümkün olmayıb. Bu sahədə mövcud sayılan bir çox qurğuların faktiki işləmədikləri vurğulanır.
'Media haqqında' Qanuna dəyişikliklər qəbul edildi

Bu gün, iyulun 14-də Milli Məclis "Media haqqında" Qanuna təklif edilən dəyişiklikləri qəbul edib.
Dəyişikliklərə əsasən, xarici media qurumlarının filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra yeddi iş günü ərzində Media Reyestrinə daxil edilməlidir. Qanun pozulduqda və ya Media Reyestrindən çıxarıldıqda həmin qurumların fəaliyyəti dayandırılacaq, onların saytlarına giriş məhdudlaşdırılacaq.
Yeniliklərə görə, xarici jurnalistlər və nümayəndəliklərdə çalışan əməkdaşlar Media Reyestrinə daxil edilməyəcək.
Qanun layihəsi informasiya agentlikləri üçün də tələbləri sərtləşdirir. Agentliklərin azı 20 media orqanı ilə müqaviləsi və beş xarici ölkədə akkreditə olunmuş jurnalisti olmalıdır.
Media subyektlərinin adlarının ictimai qaydalara, mənəviyyata və əxlaqa uyğun olması, istifadəçiləri çaşdıran ifadələrdən istifadə edilməməsi də yeni tələblər arasındadır.
Media Reyestrinə daxil olmayan çap və onlayn media subyektlərinin fəaliyyətinə xitam veriləcək. Eyni zamanda, reyestr tələblərinə əməl etməyən media qurumları xəbərdarlıqdan sonra pozuntuları davam etdirərsə, reyestrdən çıxarılacaq və saytlarına giriş məhdudlaşdırılacaq.
Qanunvericilik dəyişikliklərinə əsasən, çap məhsulları Media Reyestrində qeydiyyatsız yayıldığı halda, fiziki şəxslər 500-1000, vəzifəli şəxslər 1500-2500, hüquqi şəxslər isə 3000-5000 manat cərimələnəcək.
Son dəyişikliklərə görə, qanunvericiliyin tələblərinə əməl etməyən xarici media qurumlarının filial və nümayəndəlikləri ləğv olunaraq hüquqi şəxslərin dövlət reyestrindən çıxarılacaq.
Bəzi media ekspertləri düşünür ki, əlavələrlə qanunda bir qədər də məhdudlaşdırmalar artırılır. Onların fikrincə, dəyişikliklərdən sonra bu qanun beynəlxalq standartlardan bir qədər də uzaqlaşır.
Xatırlatma
Azərbaycanda "Media haqqında" Qanunu parlament 2021-ci ildə qəbul edib. Prezident onu 2022-ci ilin əvvəlində imzalayıb.
Qanunun qəbulu ərəfəsində bir sıra jurnalist və ekspertlər etiraz aksiyası keçirərək ona qarşı çıxmışdılar. Onların fikrincə, sənəddə xüsusilə reyestrlə bağlı tələblər müstəqil jurnalist və media orqanlarının çərçivəyə salınmasına xidmət edəcək. Hərçənd, parlamentdəki çoxluq belə fikirləri əsasız sayırdılar.
AXCP üzvünün 'karser'ə salındığı bildirilir

Hazırda 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (tubzon) həbs cəzası çəkən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü Elbəyi Kərimlinin cərimə kamerasına (karser) salındığı bildirilir. Bu barədə iyulun 13-də "Azadlıq" qəzetinin vebsaytında məlumat yayılıb.
Məlumatda iddia edilir ki, Kərimli cəzaçəkmə müəssisəsinə Ədliyyə Nazirlinin Penitensiar Xidmətindən gələn nümayəndələrin önündə tənqidi çıxış edib, şərlənərək həbs olunduğunu deyib, bundan sonra isə o döyülüb və "karser"ə salınıb.
Onun cərimə kamerasına nə vaxt və nə qədər müddətə salındığı haqda məlumat verilmir.
Bu iddialara Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma bu qurumdan bundan əvvəl oxşar şikayətlərlə bağlı vurğulanıb ki, onlar məhbuslarla yalnız qanun çərçivəsində davranırlar.
Kərimlinin 2023-cü ilin avqustunda keçmiş prezident Heydər Əliyevin heykəlinə "Stalin" yazdıqdan sonra narkotik ittihamı ilə həbs olunduğu bildirilir. 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona satış məqsədilə külli miqdarda narkotik saxlama maddəsi ilə 6 il həbs cəzası verib.
Sonradan Ali Məhkəmə onun hökmündən satış məqsədini çıxararaq cəzasını 5 ilə endirib.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin hazırda ümumilikdə 15 civarında üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilib. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 370-dan çox siyasi məhbus var.