Keçid linkləri

2025, 22 İyul, çərşənbə axşamı, Bakı vaxtı 03:24

Səhiyyə nazirinin 'mətbəxdə cərrahiyyə əməliyyatı'na görə cəzalandırılması tələb edilir


Teymur Musayev
Teymur Musayev

Səhiyyə naziri Teymur Musayevin cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunur. Estetik əməliyyat nəticəsində həyatını itirən Səbirə Vəliyevanın anası Sara Qəhrəmanova onun cəzalandırılmasını istəyir.

Dərdli ana deyir ki, nazir parlamentdəki çıxışında onun qızının ölüm səbəbiylə bağlı gerçəyə uyğun olmayan fikirlər səsləndirib: "Teymur Musayev yalan olduğunu bildiyi halda, qızım barədə o fikirləri işlədib. Bu isə övladımın ruhuna höhmətsizlikdir, təhqirdir, böhtan atmaqdır. Nazirin səsləndirdiyi ifadələr dərhal müxtəlif media orqanlarında yayılıb. Nəticədə qızımın, mənim, ailəmin şərəf və ləyaqəti alçaldılıb, bizə böhtan atılıb".

Nazir mayın 16-da Milli Məclisdə estetik cərrahlar barədə çıxışında 40 yaşlı S.Vəliyevanın ölümünün səbəbi və anasının şikayətçi olması barədə də danışıb: "O xanımın qızını əməliyyat edən şəxs onu öz evində mətbəxdə əməliyyat edib. Özü də bütün qohumları da bilirdi ki, o insan tibb ixtisası daşıyıcısı deyil. Səhiyyə Nazirliyi məhz tibb işçilərinə cavabdeh ola bilər. O, artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Hər hansı bir insan dələduzluq fəaliyyəti ilə məşğul olursa, - istər tibb, istər mühəndislik və s. - buna mərkəzi icra hakimiyyəti orqanı cavabdeh ola bilməz".

"Teymur Musayevin qızımın ölümü barədə yetərincə məlumatı vardı"

S.Qəhrəmanova deyir ki, qızının mətbəxdə əməliyyat olunmasını təsdiqləyən heç bir fakt yoxdur. S.Vəliyevanın ölümünə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ülviyyə İlyasova haqqında cinayət işinin materiallarında da göstərilib ki, "liposaksiya-piysovurma" əməliyyatı onun direktoru olduğu "AzE Estetik Mərkəz" MMC-də gerçəkləşdirilib. Həmin gün gecə saat 11 radələrində isə o, qaynı arvadı olan S.Vəliyevanı evinə aparıb. Gecəyarı S.Vəliyevanın vəziyyəti pisləşib. Ekspertizanın rəyinə görə, onun ölümünün səbəbi boyun, buxaq və çənə bucaqları, döş qəfəsi, qarın nahiyəsi, çanaq və başqa nahiyələrin liposaksiya cərrahiyyə əməliyyatı ilə əlaqədar baş vermiş kəskin qanitirmə olub.

Həkim-kosmetoloqlara nəzarət varmı? - 'Dodağım şişdi, pis hala düşdü'
Gözlə

No media source currently available

0:00 0:07:25 0:00

Şikayətçi vurğulayır ki, qızının ölümüylə bağlı istintaq və məhkəmə gedən dövrdə dəfələrlə Səhiyyə Nazirliyinə üz tutub, nazir Musayevin də qəbulunda olub. Onu ekspertizanın rəyi, ittiham aktı və başqa sənədlər barədə bilgiləndirib: "Teymur Musayevin qızımın ölümü barədə yetərincə məlumatı vardı".

S.Qəhrəmanova nazirin cəzalandırılmasından ötrü Yasamal rayon Məhkəməsinə şikayət edib. Məhkəməyə T.Musayevin özü gəlməyib, nümayəndəsi isə deyib ki, iddia əsassızdır, ümumiyyətlə, icraata götürülməməlidir.

"Milli Məclisin iclasında Teymur Musayevin dediklərinə diqqət edəndə məlum olur ki, Sara Qəhrəmanovanın nəinki ziyanına, hətta xeyrinə deyilmiş sözlərdir", - nümayəndə belə deyib və əlavə edib ki, S.Vəliyevanın üzərində "Liposaksiya piysovurma" cərrahi müdaxilənin keçirilməsindən ötrü cərrahi və estetik lisenziya, sözügedən estetik mərkəzdə əməliyyatxana və laborator şərait olmayıb. Əməliyyatı icra edən Ü.İlyasovanın isə, ümumiyyətlə, tibb təhsili yoxdur: "Həmin cərrahi müdaxilədən sonra estetik mərkəzdə reanimasiya və ya intensiv terapiya şöbəsi olmadığından Səbirə Vəlivevaya lazımi tibbi yardım göstərilməyib”.

Məhkəmə nazirin Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələriylə cəzalandırılması tələbiylə xüsusi ittiham qaydasında qaldırılmış iddia ərizəsini icraata götürüb baxmaqdan imtina edib.

Xatırlatma

S.Vəliyeva ötən ilin aprelində "AzE Estetik Mərkəz" MMC-də estetik əməliyyatdan sonra yaşamını itirib. Onun ölümünə görə estetik mərkəzin direktoru, qaynı arvadı Ülviyyə İlyasova cinayət məsuliyyətinə cəlb olunub. Bu ilin mayında Suraxanı rayon Məhkəməsinin hökmüylə o, Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələriylə təqsirli bilinib. Ona məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərtiylə, 3 il 2 ay cəza kəsilib.

Ü.İlyasova lisenziyası ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) psixologiya fakültəsini bitirib.

XS
SM
MD
LG