Keçid linkləri

2025, 23 İyul, çərşənbə, Bakı vaxtı 13:58

Dünya xəbərləri

ABŞ İranın altı iş adamına sanksiya tətbiq edib

İran istehsalı olan "Shahed-136" kamikadze dronunun Ukraynada əldə olunmuş qalıqları, Xarkov, 6 oktyabr 2022
İran istehsalı olan "Shahed-136" kamikadze dronunun Ukraynada əldə olunmuş qalıqları, Xarkov, 6 oktyabr 2022

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Maliyyə Nazirliyi Rusiya ordusuna "Şahed" kamikadze pilotsuz uçan aparatların tədarükü ilə bağlı altı İran vətəndaşına sanksiya tətbiq edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, söhbət ABŞ-ın sanksiyaları altında olan Qods Aviation Industries (QAİ) şirkətinin rəhbərlərindən gedir.

Məlumatda qeyd edilir ki, adı çəkilən şirkət Ukraynada istifadə üçün pilotsuz döyüş aparatlarının Rusiyaya təhvil verilməsində iştirak edib.

Sanksiya siyahısına şirkətin direktorlar şurasının sədri Seyid Höcətullah Qoreyşi də daxildir.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İranın hərbi tədqiqat və təkmilləşdirmələrinə rəhbərlik edən Qoreyşi İran pilotsuz aparatlarının tədarükü üçün Rusiya ilə danışıqlarda cavabdeh şəxs olub.

Sanksiyalar siyahısında həmçinin şirkətin direktoru Hassem Damavandyan da var. Məlumata görə, o, kamikadze aparatları ilə bağlı Rusiya hərbçilərinin təlimi prosesinə nəzarət edib.

Sanksiya siyahısında İranın Aerokosmik Sənaye Təşkilatının direktoru Nader Xun Siavşın da adı yer alıb.

Kiyev Moskvanı mülki hədəflərə hücum etmək üçün İran pilotsuz aparatlarından istifadədə ittiham edir.

Rusiya bu ittihamları qəbul etmir. Avqustun sonunda "The Washington Post" qəzeti İranın ilk pilotsuz döyüş aparatlarının Ukraynadakı müharibədə istifadə olunmaq üçün Rusiyaya çatdırıldığını yazıb.

İran hakimiyyəti Rusiyaya dronların çatdırılmasını əvvəlcə təkzib edib, amma sonradan bunun Ukraynada müharibə başlamazdan əvvəl göndərildiyini bildirib.

Rusiya Ukraynaya ötən il fevralın 14-də hücum edib.

Bütün xəbərləri izləyin

Bu gün İstanbulda Rusiya-Ukrayna danışıqları gözlənilir

İstanbul danışıqları
İstanbul danışıqları

İyulun 23-ü axşam İstanbulda Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundunun keçiriləcəyi gözlənilir. Ukrayna mediası bildirir ki, görüş saat 19:00-da başlayacaq. Türkiyə prezident administrasiyasının mətbuat xidməti görüşün vaxtını belə qeyd edib.

"İnterfaks" mənbələrə istinadən yazır ki, danışıqlar çərşənbə günü axşamına planlaşdırılıb, lakin dəqiq vaxt göstərilməyib. Daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski də görüşün tarixini iyulun 23-ü göstərmişdi. Moskva isə bunu nə təsdiqləyib, nə də inkar edib.

Yeni danışıqlar raundu öncəsi Zelenski Ukrayna nümayəndə heyətinin tərkibini genişləndirib, heyətdə 12 yox, 14 nəfər olacaq. Heyətə yenə Rustem Umerov rəhbərlik edəcək. O, artıq müdafiə naziri yox, Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədridir. Rusiya KİV-ləri bildirir ki, Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib, ona yenə Vladimir Medinski başçılıq edəcək.

Zelenskinin daha öncə dediyinə görə, görüşdə humanitar məsələlər, məsələn, girovların dəyişdirilməsi müzakirə olunmalıdır. Eyni zamanda, Ukrayna nümayəndə heyəti liderlər səviyyəsində görüş məsələsini qaldırmalıdır.

Kreml sözçüsü Dmitri Peskov çərşənbə axşamı bildirib ki, növbəti danışıqlar raundunda hər iki tərəfin münaqişənin tənzimlənməsi üzrə memorandum layihələrinin müzakirəsi planlaşdırılır. Bu memorandumları tərəflər iyunun əvvəlində keçirilən görüşdə təqdim ediblər. Memorandumlarda mövqelər, demək olar ki, üst-üstə düşmür: Ukrayna şərtsiz atəşkəsə razıdır, Rusiya isə bir sıra şərtlər irəli sürür.

Rok musiqiçisi Ozzi Osborn vəfat edib

Ozzi Osborn
Ozzi Osborn

"Black Sabbath" qrupunun həmtəsisçisi və üzvü Ozzi Osborn 76 yaşında vəfat edib. Bu barədə "Sky News" onun ailəsinə istinadən məlumat yayıb.

Onun ölüm səbəbi açıqlanmayıb.

Musiqiçi Parkinson xəstəliyindən əziyyət çəkirdi və onurğa sütununu zədələmişdi, bu da onun yerimə qabiliyyətini itirməsinə səbəb olmuşdu.

Ozzi (Con Maykl) Osborn – "hard-rok" və "heavy-metal" janrlarının öncüllərindən biridir. O, 1948-ci ildə Birminhemdə anadan olub, 15 yaşında məktəbi tərk edib, müxtəlif müvəqqəti işlərlə məşğul olub və mağaza qarətinə görə bir neçə ay həbsdə yatıb.

O, məktəb yoldaşı Qizer Batlerlə birlikdə bir neçə musiqi qrupunda çıxış edib. 1968-ci ildə isə onlar "Black Sabbath" qrupunu yaradıb. Qrup 75 milyondan çox albom satıb.

Osborn "Black Sabbath"dan ayrı olaraq uğurlu solo karyera qurub və televiziya realiti-şou janrının öncüllərindən biri olub. 2002-ci ildə yayımlanan "Ozbornlar ailəsi" adlı realiti-şou MTV kanalının efirində ən populyar proqram adlandırılıb.

İyulun 5-də Birminhemdə Osborn vida konsertini verib və "Villa Park" stadionunda 45 min tamaşaçı qarşısında çıxış edib.

20 ildən sonra ilk dəfə olaraq ona "Black Sabbath" qrupunun orijinal tərkibi (tam heyət) bir araya gəlib.

Silah-sursat üçün Ukraynanın 6 milyard dollara ehtiyacı var

Denis Şmıqal
Denis Şmıqal

Ukraynanın 2025-ci il üçün hərbi satınalmaları təmin etmək məqsədilə əlavə 6 milyard dollara ehtiyacı var. Bunu "Ramşteyn" formatında keçirilən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında Ukraynanın müdafiə naziri Denis Şmıqal deyib.

50-yə yaxın ölkədən nümayəndənin qatıldığı iclas iyulun 21-də Böyük Britaniya və Almaniyanın sədrliyi ilə onlayn formatda baş tutub.

Şmıqalın sözlərinə görə, əlavə maliyyələşdirmə Ukraynaya döyüş xəttini qorumaq üçün daha çox FPV dronu istehsal etməyə, Rusiyanın "Şahed" tipli zərbə dronlarının hücumlarına qarşı mübarizə aparmaq üçün daha çox interseptorlar almağa və "müharibəni Rusiyaya geri qaytarmaq üçün əlavə zərbə silahları" əldə etməyə imkan verəcək. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski, öz növbəsində, tərəfdaşları hava hücumundan müdafiə sistemləri və onlar üçün sursat, uzaq mənzilli raketlər, artilleriya mərmiləri, elektron döyüş sistemləri, radarlar və pilotsuz uçuş aparatlarının tədarükünü artırmağa çağırıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlamasında ölkəsinin Ukraynanı Rusiyanın hava hücumlarından qorumaq üçün əlavə "Patriot" hava hücumundan müdafiə sistemlərinin çatdırılmasına töhfə verəcəyini bildirib. DW-nin xəbərinə görə, Pistorius deyib ki, Ukraynaya beş belə sistem lazımdır. Nazirin sözlərinə görə, Berlin bu sistemlərin ən qısa zamanda Kiyevə çatdırılmasına çalışacaq və yaxın günlərdə bununla bağlı tərəfdaşlarla məsləhətləşmələr aparacaq.

Ancaq Pistorius bu sistemlərin çatdırılması ilə bağlı birbaşa vədlər verməyib. Daha əvvəl bildirilmişdi ki, Almaniya və ABŞ iki "Patriot" sisteminin Ukraynaya ötürülməsinə dair razılığa gəlib və texniki səviyyədə müzakirələr aparılır.

"Ramşteyn" formatında keçirilən onlayn iclasda Almaniya və Böyük Britaniyanın birgə layihəsi də elan edilib. Belə ki, bu layihə çərçivəsində Almaniya tərəfindən daha əvvəl verilmiş "Gepard" hava hücumundan müdafiə sistemləri üçün Ukraynaya 220 min mərmi tədarük olunacaq.

Britaniya Rusiya 'kölgə donanması'nın 135 gəmisinə sanksiya qoyub

"Kölgə donanması"
"Kölgə donanması"

Böyük Britaniya iyulun 21-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini elan edib. Britaniyanın xarici işlər naziri Devid Lemminin sözlərinə görə, bu sanksiyalar Rusiyanı Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi neft gəlirlərindən məhrum etməyə yönəlib.

Sanksiyalar siyahısına Rusiyanın neft və neft məhsullarını daşımaq üçün istifadə etdiyi "kölgə donanması"na aid 135 neft tankeri daxil edilib. Londonun məlumatına görə, 2024-cü ilin əvvəlindən bəri bu tankerlər 24 milyard dollar dəyərində Rusiya neftini daşıyıb.

Yeni paket çərçivəsində həmçinin Rusiya neftinin daşınmasında iştirak edən iki şirkətə qarşı da sanksiyalar tətbiq edilib. "Litasco Middle East" şirkəti Birləşmiş Ərəb Əmirlikdlərində (BƏƏ) yerləşir və "LUKOIL" neft şirkətinin xarici törəmə şirkəti olduğu iddia olunur. İkinci şirkət "Intershipping Services" də eyni ölkədə yerləşir. Bu şirkətin də Rusiya neftinin Qabon və Komor adalarının bayraqları altında üzən gəmilərlə daşınmasında iştirak etdiyi bildirilir.

Ötən həftə Böyük Britaniya Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) 18 şübhəli zabitinin adını sanksiya siyahısına daxil edib, həmçinin Avropa İttifaqının Rusiya neftinə tətbiq olunan qiymət həddinin azaldılması qərarına qoşulub.

'İlin müəllimi' Ukraynada həlak olub

Rusiya ordusu
Rusiya ordusu

2022-ci ildə "ilin müəllimi" seçilən və Rusiya prezidenti Vladimir Putinlə görüşən Moskva şəhərindəki Marşal Çuykov adına məktəbin "Vətənin təhlükəsizliyinin və müdafiəsinin əsasları" fənninin müəllimi Gennadi Starunov Ukraynada müharibədə ölüb.

G.Starunov "Moskva 2022-ci ilin müəllimi" müsabiqəsinin qalibidir və 2022-ci ilin oktyabrından müharibədə iştirak edirdi. "Meduza"nın məlumatına görə, 2023-cü ilin yanvarında Starunov Belarusda təlimlərdə iştirak edən Rusiyanın səfərbər edilmiş qoşunları arasında olub. Rusiyanın təhsil naziri Sergey Kravtsov Belarusda təlimdəki əsgərlərlə görüşündə Starunova "Gənclik və peşəkarlıq" mükafatı təqdim edib.

2025-ci ilin mayın sonunda Starunov prezident Putinin rəhbərliyi ilə keçirilən "Rusiya imkanlar ölkəsi" adlı qeyri-kommersiya təşkilatının müşahidə şurasının iclasında iştirak edib. Müəllim prezidentə öz hərbi bloqu barədə danışıb, həmçinin "xüsusi hərbi əməliyyat"ın (Rusiya Ukraynadakı işğalçı müharibəsini belə adlandırır) iştirakçılarının platformanın müsabiqələrində iştirak edə bilməsi üçün əvvəlcədən hazırlıq mərhələsinin yaradılmasını təklif edib.

Almaniya əks-kəşfiyyatı bildirir ki, Rusiyanın casusluq fəaliyyəti artıb

Almaniya
Almaniya

Almaniya Hərbi Əks-Kəşfiyyat Xidmətinin rəhbəri Martina Rozenberq Rusiya xüsusi xidmət orqanlarının casusluq və diversiya fəaliyyətlərinin artdığını bildirib.

"Biz casusluq və hibrid tədbirlərin kəskin artımından danışırıq. Yanaşma daha kütləvi və aqressiv xarakter alıb", - Rozenberq DPA agentliyinə verdiyi müsahibədə deyib.

Rozenberqin sözlərinə görə, Rusiya xüsusi xidmətləri "öz alətlər dəstini genişləndirir". Onlar xüsusilə hərbi obyektlər və hərbçilər üçün təlim mərkəzləri barədə məlumat toplamaq məqsədilə pilotsuz uçuş aparatlarından istifadə edir. Almaniya xüsusi xidmət orqanları bu cəhdləri Bavariyada yerləşən Qrafenver hərbi bazasında və Vildfleken poliqonunda, eləcə də Reynland-Pfalts əyalətindəki İdar-Oberştayn bazasında müşahidə edib.

Rozenberq deyib ki, Rusiya agentləri Almaniyaya üçüncü ölkələr vasitəsilə daxil olmağa davam edir. "Onlar münasibətlər qurmağa və etimad üçün zəmin yaratmağa çalışırlar. Risk ondan ibarətdir ki, hədəf ola biləcək şəxslər arasında rus kökləri olanlar, etnik alman repatriantlar və ya Rusiya ilə əlaqəsi olanlar da var", - o bildirib.

2025-ci ilin martında məlum olub ki, Xristian-Demokrat İttifaqının Bundestaqdakı deputatı Kristian Xirte 2023-cü ildə FSB ilə əlaqəsi olan rusiyalı Konstantin Xrapovu işə götürüb. Bundan əvvəl isə Rusiya xüsusi xidmət orqanlarının "Almaniya üçün Alternativ" partiyasından deputatın keçmiş köməkçisi Vladimir Serqiyenkonu ələ aldığı barədə məlumat yayılmışdı. 2024-cü ildə o, Almaniya vətəndaşlığından məhrum edilib.

Konqolu diplomatın Bolqarıstanda avtomobilindən 206 kq kokain tapılıb

Kokain (Foto arxiv)
Kokain (Foto arxiv)

Bolqarıstan polisi Türkiyədən Bolqarıstana keçməyə çalışan konqolu diplomatın avtomobilində təxminən 206 kiloqram kokain aşkar edib. Bu barədə Bolqarıstanın BTA xəbər agentliyi məlumat yayıb.

Avtomobildəki kokain gömrük baxışı zamanı aşkar edilib. O, 179 bağlamaya yığılıb və diplomatın şəxsi əşyaları arasında beş çamadanda gizlədilib. Yükün ümumi dəyəri 22.4 milyon dollar qiymətləndirilir.

Saxlanılan diplomat Belçikada akkreditə olunduğu üçün Bolqarıstan ərazisində diplomatik toxunulmazlıqdan istifadə edə bilməyib.

Avtomobilin sürücüsü olan Bolqarıstan vətəndaşı və Belçika vətəndaşı olan sərnişinin də saxlanıldığı bildirilir.

Narkotik qaçaqmalçılığında təqsirli bilinərsə, onları 20 ilə qədər həbs gözləyir.

Ukrayna Rusiyaya sülh danışıqlarının yeni raundunu təklif edir

Volodimir Zelenski
Volodimir Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev gələn həftə sülh danışıqlarının yeni mərhələsinin keçirilməsi üçün Moskvaya təklif göndərib. Tərəflər arasında sonuncu danışıqlar iyunun əvvəlində baş tutub, ancaq davam edən müharibənin sonlandırılması istiqamətində irəliləyiş əldə olunmayıb.

"Atəşkəsə nail olmaq üçün hər şey edilməlidir", - Zelenski iyulun 19-da axşam ənənəvi müraciətində deyib.

"Rusiya tərəfi qərarlardan gizlənməyi dayandırmalıdır", - o əlavə edib.

Zelenski rusiyalı həmkarı ilə şəxsən görüşməyə hazır olduğunu bir daha təkrarlayıb: "Həqiqi və davamlı sülhün təminatı üçün liderlər səviyyəsində görüş lazımdır".

Mayda və iyunun əvvəlində İstanbulda Rusiya və Ukrayna arasında birbaşa sülh danışıqları baş tutub, tərəflər müharibə əsirlərinin və həlak olanların meyitlərinin mübadiləsi barədə razılıq əldə edib. Lakin 2022-ci ilin fevralında Rusiyanın öz qonşusuna qarşı başlatdığı irimiqyaslı işğal ilə başlayan hərbi münaqişədə atəşkəsə nail olmaq üçün heç bir irəliləyiş əldə edilməyib.

Zelenski bildirib ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni rəhbəri Rustem Umerov qarşıdan gələn həftə görüşün keçirilməsi üçün Moskvaya təklif göndərib. Prezident Zelenski əlavə detallar barədə məlumat verməyib.

Ukraynanın keçmiş müdafiə naziri ötən aylarda Türkiyədə keçirilən danışıqlarda Kiyevdən gedən nümayəndə heyətinə rəhbərlik edib.

İyulun 20-də Rusiya dövlət televiziyasında Kremlin sözçüsü Dmitri Peskovun müsahibəsindən yayımlanan fraqmentdə o, Putinin Ukrayna ilə sülh nizamlanmasına doğru irəliləməyə hazır olduğunu deyib, lakin Moskvanın əsas məqsədinin işğalın əvvəlində qarşıya qoyduğu məqsədlərə çatmaq olduğunu vurğulayıb.

"Prezident Putin Ukrayna nizamlanmasının mümkün qədər tez sülh yolu ilə yekunlaşdırılması istəyindən dəfələrlə danışıb. Bu, uzun prosesdir, səy tələb edir və asan deyil", - Peskov bildirib.

"Bizim üçün əsas olan hədəflərimizə çatmaqdır. Məqsədlərimiz bəllidir", - o qeyd edib.

Rusiya Ukraynadan Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini, o cümlədən hələ də Kiyevin nəzarətində olan hissələrinin verilməsini tələb edib.

Moskva həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayına və Kiyevin xarici hərbi əməkdaşlığına ciddi məhdudiyyətlər qoyulmasını istəyib.

Moskva dəfələrlə danışıqların yeni raunduna hazır olduğunu bildirsə də, bu arada Ukraynaya qarşı hava hücumlarını intensivləşdirib.

Xəzərdə Rusiya-İran birgə hərbi təlimləri başlayır

Rusiya hərbi gəmisi Xəzər dənizində qanadlı raketlər buraxır
Rusiya hərbi gəmisi Xəzər dənizində qanadlı raketlər buraxır

İyulun 21-dən Xəzər dənizində Rusiya-İran birgə hərbi təlimləri başlayır. Bu barədə İran mətbuatı yazır.

"Təlimlərə İran Ordusunun Hərbi Dəniz Qüvvələri, İran İslam İnqilabı Keşikçiləri Korpusu, Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələri və Xəzəryanı ölkələrdən müşahidəçilər qatılacaq", – "Tasnim" agentliyi yazır.

Təlimlər üç gün davam edəcək. Məqsədin dənizdə təhlükəsizliyin artırılması və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi olduğu vurğulanır.

Xatırlatma

Bu ilin yanvarında Rusiya və İran prezidentləri Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar. İki ölkə rəsmilərinin sözlərinə görə, saziş müdafiə, terrorla mübarizə sahələrini də əhatə edir.

Ötən ilin dekabrında Bakı-Qroznı aviareysini yerinə yetirərkən AZAL təyyarəsinin Qazaxıstanda qəzaya uğraması, iyunda Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının Azərbaycan əsilli insanlara qarşı reydindən sonra Bakı-Moskva münasibətləri gərginləşib.

Azərbaycanla İran arasında da 2024-cü ilə qədər müəyyən gərginlik olsa da, ötən ildən münasibətlərin düzəlməsinə dair qarşılıqlı açıqlamalar verilib. Bununla belə, ötən ay İranla İsrail arasında bir neçə həftə çəkən toqquşmalardan sonra bu ölkədən Azərbaycan əleyhinə də fikirlər səslənmişdi. Azərbaycan rəsmiləri isə İran-İsrail münaqişəsində neytral olduqlarını deyirlər.

ABŞ məhkəməsinin qərarı ilə AzadlıqRadiosuna maliyyə ilinin qalan hissəsinin pulu ödəniləcək

AzadlıqRadiosunun Praqadakı binası
AzadlıqRadiosunun Praqadakı binası

ABŞ məhkəməsi AzadlıqRadiosunun ABŞ-nin Qlobal Media Agentliyinə (USAGM) qarşı qaldırdığı iddiada AzadlıqRadiosuna Konqres tərəfindən ayrılmış vəsaiti ödəmədiyinə görə ilkin qərarın verilməsi ilə bağlı tələbini təmin edib.

ABŞ-nin Kolumbiya Dairəsi üzrə Federal Dairə Məhkəməsinin hakimi Roys Lambert iyulun 18-də çıxardığı qərarda bildirib ki, USAGM AzadlıqRadiosuna 2025-ci maliyyə ili üzrə Konqres tərəfindən ayrılmış qalan vəsaiti ödəməlidir. Hakim yekun qərarında bildirib ki, agentliyin bu vəsaitlərin verilməsini ağır və yeni qrant şərtlərinin tətbiqi ilə şərtləndirməsi və AzadlıqRadiosu ilə xoşniyyətli danışıqlardan imtina etməsi qanun pozuntusudur.

"Bu, məhkəmənin bildiyi qədəri ilə, bir dövlət agentliyinin uzun illərdir işlədiyi bir qrant alan qurumla münasibətlərinə tamamilə yeni şərtlər tətbiq etməyə çalışması və sonra kommunikasiyanı dayandırması – xüsusilə də agentliyin konkret şəkildə adı çəkilən həmin quruma hər il Konqres tərəfindən ayrılan vəsaiti vermək üzrə qanuni öhdəliyi olduğu halda – görünməmiş bir haldır",– hakim qeyd edib.

Yayımçının maliyyə təminatına olan təhdid, AzadlıqRadiosunun 27 dildə və 23 ölkədə yayımlandığı auditoriyalarda, eləcə də media müşahidəçiləri, analitiklər və demokratiya tərəfdarları arasında qlobal dəstək dalğası yaradıb.

Lambert qərarında həmçinin bildirib ki, "USAGM-in maliyyələşmə öhdəliklərinə açıq-aşkar etinasız yanaşması" AzadlıqRadiosunu kütləvi məzuniyyətlərə, proqramların ləğvinə və qurumun onilliklər ərzində qurduğu qlobal nüfuzunu qaçılmaz zərərə məruz qoyub.

AzadlıqRadiosunun prezidenti və baş icraçı direktoru Stiv Kapus bəyanatında bildirib ki, bu qərar "USAGM-i AzadlıqRadiosunun həyati əhəmiyyətli missiyasını yerinə yetirməsi üçün zəruri olan vəsaiti buraxmağa məcbur etmək məqsədilə aparılan ardıcıl hüquqi səylərin zirvəsidir. Bu qələbə jurnalistlərimizə, hər həftə xəbərlərimizə etibar edən və avtoritar hökumətlərin zərərli təbliğatına qarşı həqiqətləri öyrənmək istəyən təxminən 47 milyon insana çatmaq səylərini davam etdirmək üçün zəruri olan gücü verir".

Kapus həmçinin vurğulayıb: "İndi heç vaxt olmadığı qədər biz informasiya məkanını tiranlara təslim edə bilmərik". O qeyd edib ki, bu məhkəmə qərarı sayəsində "AzadlıqRadiosu ABŞ-nin milli təhlükəsizlik maraqlarını irəli aparmağa davam edə bilər".

USAGM həftəlik 60-dan çox dildə 400 milyondan artıq insana xəbər və informasiya yayımını həyata keçirən müstəqil bir ABŞ hökumət agentliyidir.

2025-ci maliyyə ili üçün USAGM-in ümumi büdcə tələbi 950 milyon dollar təşkil edib. Bu vəsait agentliyin bütün əməliyyatlarını və kapital yatırımlarını maliyyələşdirmək üçün nəzərdə tutulub.

Bu büdcəyə Azad Avropa/Azadlıq Radioları (RFE/RL), "Amerikanın Səsi" (Voice of America), Azad Asiya Radiosu (Radio Free Asia), Kuba Yayım Ofisi (Radio Martí), Yaxın Şərq Yayım Şəbəkələri (MBN) və Açıq Texnologiyalar Fondunun (Open Technology Fund) fəaliyyətinin maliyyələşdirilməsi daxildir.

USAGM sənədlərinə əsasən, 2025-ci il üçün AzadlıqRadiosuna nəzərdə tutulan büdcə təxminən 153 milyon dollar idi.

Çexiyada kommunizmin təbliği cinayət sayılacaq

SSRİ bayrağı
SSRİ bayrağı

Çexiya prezidenti Petr Pavel kommunist ideologiyasının təbliğinə görə cinayət məsuliyyətinin tətbiqini nəzərdə tutan qanunu imzalayıb.

Kommunizmin təbliği artıq qadağan olunmuş nasist baxışlarının yayılması ilə eyni səviyyədə qiymətləndirilir.

Qanuna əsasən, "insan hüquq və azadlıqlarını açıq şəkildə boğmağa və ya irqi, etnik, milli, dini və ya sinfi nifrəti qızışdırmağa yönəlmiş nasist, kommunist və ya digər hərəkatları yaradan, dəstəkləyən və ya təbliğ edən" şəxslər üçün 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bohemiya və Moraviya Kommunist Partiyası (KSČM) qadağa ilə bağlı müvafiq qərarı pisləyib. "Bu, KSČM-i kənarlaşdırmaq və mövcud rejimi tənqid edənləri qorxutmaq üçün növbəti uğursuz cəhddir", - partiya bildirib.

"Euractiv" yazır ki, yeni qanunun kommunist ideologiyası olan partiyalara necə şamil ediləcəyi hələ də aydın deyil. KSČM hazırda parlamentdə mandata sahib deyil, lakin son sorğulara görə, partiyanı dəstəkləyənlərin sayı 5 faizdir və bu, oktyabr seçkilərində aşağı palatada yer qazanmaq üçün kifayətdir.

Avropa İttifaqı Rusiyaya yeni sanksiyalar paketini təsdiqləyib

Ursula fon der Lyayen
Ursula fon der Lyayen

Avropa İttifaqı (Aİ) Ukraynaya qarşı üç ildən artıqdır davam edən genişmiqyaslı işğal müharibəsinin başlamasından bəri Rusiyaya qarşı sayca 18-ci sanksiyalar paketini təsdiqləyib. Bu paketdə Rusiyanın neft ixracına dair əsas qiymət həddi də yer alır.

"Biz Rusiyanın müharibə maşınının ürəyinə zərbə vururuq. Bank, enerji və hərbi-sənaye sektorlarını hədəfə alırıq və bu dəfə dinamik neft qiymətinə hədd də tətbiq edirik. Təzyiq davam edir. Və Putinin müharibəni dayandıracağı ana qədər bu təzyiq davam edəcək", - Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.

Neftin qiymətinin yuxarı həddi ilə bağlı detallar dərhal açıqlanmayıb, lakin "Reuters" diplomatlara istinadən yazıb ki, sanksiyalar paketi G7-nin Rusiya xam nefti üçün qiymət həddini bir barel üçün 47.6 dollara endirəcək.

Sanksiyalar həmçinin "Şimal Axını" qaz kəmərləri ilə aparılan əməliyyatların qadağan edilməsini və Rusiyanın "kölgə donanması"na aid daha çox gəmilərin hədəf alınmasını da nəzərdə tutur.

Hazırda Rusiya ilə Almaniyanı birləşdirən Baltik dənizinin altından keçən iki "Şimal Axını" qaz kəməri vasitəsilə Rusiya qazı ötürülmür, lakin bu kəmərlərlə aparılan əməliyyatların qadağan olunması gələcəkdə belə təchizatın bərpa olunmasının qarşısını almağa yönəlib.

Putin 'dost olmayan' ölkələrdən proqram təminatına məhdudiyyətləri sərtləşdirməyi tapşırıb

V.Putin
V.Putin

Rusiya prezidenti Vladimir Putin hökumətə sentyabrın 1-ə qədər ölkədə 'dost olmayan' dövlətlərə məxsus proqram təminatlarının istifadəsinə əlavə məhdudiyyətlər qoyulması ilə bağlı təkliflər təqdim etməyi tapşırıb. Bu barədə iyulun 17-də Kremlin saytında dərc olunmuş təlimatlar siyahısında qeyd olunub.

Bu məhdudiyyətlər həmçinin xaricdə hazırlanmış kommunikasiya xidmətlərini də əhatə etməlidir.

Bu qərar mayın 26-da Putinin rusiyalı iş adamları ilə görüşünün ardınca gəlib. Həmin görüşdə Rusiya dövlət başçısı bildirib ki, "Zoom" və "Microsoft" kimi xarici xidmətləri "boğmaq" lazımdır, çünki onlar yerli informasiya texnologiyaları sektorunun inkişafına mane olur.

"Faridaily" bildirib ki, məhdudiyyətlərlə bağlı tədbirlər "WhatsApp" və ya "Telegram" messencerlərinə deyil, korporativ rabitə xidmətlərinə təsir edəcək.

Maydakı iclasdan sonra Rusiyanın rəqəmsal inkişaf naziri Maksut Şadayev Rusiya analoqları olan onlayn xidmətlərin mərhələli şəkildə məhdudlaşdırılmasının mümkünlüyündən danışıb. "Prezident dedi - biz boğacağıq", - nazir vurğulayıb.

Rusiyada internetdə 'ekstremist' materialların axtarışına görə cərimələr təsdiqlənib

Rusiya Dövlət Duması
Rusiya Dövlət Duması

Rusiya Dövlət Duması ölkənin İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi qəbul edib, məcəlləyə iki yeni maddə daxil edilib. Bu düzəlişlər internetdə, o cümlədən VPN-servislərdən istifadə etməklə "ekstremist" materialların "qəsdən" axtarışına görə cərimələrin tətbiqini nəzərdə tutur. Fiziki şəxslər üçün cərimələr 3 min rubl (65 AZN) ilə 5 min rubl (109 AZN) arasında dəyişir.

Dəyişikliklər 2025-ci il sentyabrın 1-də qüvvəyə minəcək.

+++

Düzəlişlərlə bağlı "Forbes"a müsahibəsində hüquqşünas Stanislav Seleznyov deyib ki, bundan əvvəl Rusiya qanunvericiliyində hər hansı məzmunun istehlakına (baxılması və ya oxunmasına) görə məsuliyyət nəzərdə tutulmamışdı. Yalnız həmin məzmunun yayılmasına görə cəza tətbiq olunurdu.

Belə pozuntuları aşkar etmək üçün axtarış tarixçəsinə - ya "Google" hesabındakı, ya da müsadirə olunmuş cihazın brauzer tarixçəsinə baxıla bilər. Bundan əlavə, bu "pozuntu"ları aşkar etmək üçün mobil operatorlar da hüquq-mühafizə orqanlarına kömək edə bilər. "Şəbəkə Azadlıqları" xatırladır ki, Rusiya axtarış sistemləri və sosial şəbəkələri hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə, istifadəçilərin axtarış sorğularına dair statistika toplamağa və ötürməyə məcburdur. Bundan əlavə, yeni qanunlar küçədə polis tərəfindən vətəndaşların cihazlarının daha tez-tez yoxlanılması üçün əsas yarada bilər.

Kobaxidze: Avropaya vizalı və ya vizasız səfər 'var olmaq' məsələsi deyil

Kobaxidze: Avropaya vizalı və ya vizasız səfər 'var olmaq' məsələsi deyil
Kobaxidze: Avropaya vizalı və ya vizasız səfər 'var olmaq' məsələsi deyil

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Avropa İttifaqı (Aİ) ilə vizasız rejimin dayandırılması ölkə üçün "ekzistensial məsələ" deyil. Onun sözlərinə görə, Gürcüstan üçün əsas prioritet sülhün və sabitliyin qorunmasıdır. O, bunu iyulun 17-də Gürcüstan hökumətindən səkkiz tövsiyənin icrasını tələb edən Avropa Komissiyasının məktubunu şərh edərkən deyib.

"Əgər sual bu şəkildə qoyulsa - sülh və sabitlik, yoxsa viza rejiminin liberallaşdırılması, - biz, şübhəsiz ki, sülh və sabitliyə üstünlük verəcəyik. Bu, gürcü xalqının seçimidir. Bizi məhz bu cür seçim qarşısında qoyurlar", - baş nazir bildirib.

"Bizə deyilir ki, xarici oyunçuların ölkədə inqilabi prosesləri maliyyələşdirmə imkanını məhdudlaşdıran qanunu qəbul etmək olmaz. Bu, sabitliyə təhdiddir. Əgər məsələ məhz belə qoyulursa, biz sabitliyi seçirik. Biz güzəştə getməyəcəyik", - Kobaxidze vurğulayıb.

O, həmçinin qeyd edib ki, Aİ-nin Gürcüstan hökuməti qarşısında qoyduğu tələblər hüquqi cəhətdən əsaslandırılmayıb, "boş siyasi ultimatumlardır".

Kobaxidze Aİ-nin davranışını Sovet İttifaqının təcrübəsi ilə müqayisə edib: "Sovet İttifaqında da Moskvadan direktivlər gəlirdi - əməl etməsəydiniz, cəzalandırılırdınız. Brüssel Moskvadan nə ilə fərqlənir? Brüssel sovet Moskvası kimi olmamalıdır".

Gürcüstanın xarici işlər naziri Maka Boçorişviliyə göndərilən məktubda Aİ-nin tövsiyələrinin yerinə yetirilməsi üçün konkret tarix göstərilməsə də, qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bunun avqustun sonu olduğunu bildirib.

Davamı

XS
SM
MD
LG