Keçid linkləri

2025, 23 İyul, çərşənbə, Bakı vaxtı 13:01

Zelenski antikorrupsiya qurumlarının səlahiyyətlərini məhdudlaşdıran qanunu imzalayıb


Rüşvətxorluğa qarşı mübarizə üzrə ixtisaslaşmış hüquq-mühafizə qurumunun – Milli Antikorrupsiya Bürosunun yaradılması Ukraynada korrupsiyaya qarşı mübarizədə mühüm addım idi.
Rüşvətxorluğa qarşı mübarizə üzrə ixtisaslaşmış hüquq-mühafizə qurumunun – Milli Antikorrupsiya Bürosunun yaradılması Ukraynada korrupsiyaya qarşı mübarizədə mühüm addım idi.

Ukrayna prezidenti Volodimir Zelenski etirazlara və Ukraynanın Avropadakı müttəfiqlərinin tənqidlərinə baxmayaraq, iki mühüm antikorrupsiya qurumuna qarşı məhdudiyyətləri sərtləşdirən qanun layihəsini imzalayıb.

İyulun 22-də yüzlərlə ukraynalı Kiyevin mərkəzində etiraz aksiyası keçirərək Zelenskidən qanun layihəsinə veto qoymağı tələb ediblər. Onlar qanunun tələsik qəbul edildiyini və yüksəksəviyyəli korrupsiya işlərinə hökumətin müdaxiləsinə imkan verəcəyini bildirir. Etirazçılar Dnepr və digər Ukrayna şəhərlərində də bu qanun layihəsinə etiraz məqsədilə toplaşıblar.

Axşam saatlarında ənənəvi videomüraciətində Zelenski Ukraynanın antikorrupsiya infrastrukturunun Rusiyanın təsirindən təmizlənməli olduğunu deyib və əlavə edib ki, NABU və SAPO öz işlərinə davam edəcəklər.

"Baş prokurorun qanunu pozanların həqiqi məsuliyyətə cəlb olunmasını təmin etməyə sadiq olması vacibdir", - o bildirib. "Ukraynanın əsl ehtiyacı da məhz budur", - Zelenski vurğulayıb.

Avropa İttifaqı (Aİ) Ali Radanın qanun layihəsini qəbul etməsini "ciddi geriyə addım" adlandırıb. Qanunun əleyhdarları isə bu addımın onillik demokratikləşmədən sonra geri dönüş olduğunu bildirib.

Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos keçirilən səsverməni tənqid edib: "NABU-nun müstəqilliyini qoruyan əsas təminatların ləğvi ciddi geriyə addımdır", - o, X platformasında bildirib.

Ukraynanın antikorrupsiya qurumlarına nəzarəti gücləndirməsi narahatlığı artırır

Ukraynalı deputatlar iki mühüm antikorrupsiya qurumuna qarşı məhdudiyyətlərin sərtləşdirilməsini təsdiqləyib, bu isə ölkənin korrupsiyanı köklü şəkildə aradan qaldırmaq öhdəliyinə dair narahatlıqları artırır.

Ali Radadakı 450 deputatdan 263-ü Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşmış Prokurorluğunun (SAPO) müstəqilliyini məhdudlaşdıran qanunun lehinə səs verib.

Prezident Volodimir Zelenskinin "Xalqın xidmətçisi" partiyası tərəfindən irəli sürülən bu qanun baş prokuroru faktiki olaraq SAPO-nun rəhbəri edir və bununla da qurumun rəhbərini səlahiyyətlərindən məhrum edir

Qanun həmçinin baş prokurora yüksəkvəzifəli şəxslərlə bağlı işləri birtərəfli qaydada bağlamağa və NABU tərəfindən araşdırılan işləri digər qurumlara həvalə etməyə imkan verir.

"Bu qərarla parlament yalnız cəmiyyətin "Ləyaqət inqilabı"ndan bəri əldə etdiyi ən böyük nailiyyətlərdən biri - müstəqil antikorrupsiya qurumlarını əlindən almır, həm də Ukraynanın beynəlxalq tərəfdaşlarının etimadını sarsıdır", - "Transparency International Ukraine" qanun qəbul edildikdən sonra yaydığı açıqlamada bildirib. "Zərəri aradan qaldırmağın yeganə yolu prezidentin bu qanuna veto qoymasıdır. Əks halda, prezident Volodimir Zelenski Ukraynanın antikorrupsiya infrastrukturunun dağıdılmasına görə Ali Rada ilə birlikdə məsuliyyət daşıyacaq".

Müvafiq hüquqi dəyişikliklər NABU-ya qarşı basqıların ardınca baş verir.

İyulun 21-də Ukrayna Təhlükəsizlik Xidməti (SBU) NABU-nun iki məmurunu - biri Rusiyaya casusluqda, digəri isə Rusiya qurumları ilə işgüzar əlaqələrdə şübhəli bilinərək - həbs edib və agentliyin əməkdaşları ilə bağlı axtarış başladıb.

SBU bəzi məmurların qadağan olunmuş siyasi qruplarla, o cümlədən qaçaq Ukrayna deputatının keçmiş partiyası ilə əlaqələri olduğunu iddia edib.

Yüksəkvəzifəli rəsmiləri utandıran araşdırmalara rəhbərlik edən NABU isə bildirib ki, aparılan əməliyyat qanuni təhlükəsizlik narahatlıqlarını xeyli aşaraq illər öncəki yol hərəkəti qaydalarının pozulması kimi əlaqəsiz məsələləri də əhatə edib. Qurum xəbərdarlıq edib ki, bu basqılar onun fəaliyyətini faktiki olaraq iflic vəziyyətinə salıb.

Parlamentin NABU və SAP-ın müstəqilliyini məhdudlaşdırmaq qərarına Kiyevdə etirazlar.
Parlamentin NABU və SAP-ın müstəqilliyini məhdudlaşdırmaq qərarına Kiyevdə etirazlar.

Ötən il Ukrayna geriləyib

"Transparency International" bu reydləri Ukraynanın antikorrupsiya qurumlarına qarşı "kütləvi təzyiq" kimi xarakterizə edib.

Qısa müddət sonra NABU rəhbərliyi ilə görüşən G7 ölkələrinin Kiyevdəki səfirləri bəyanat yayaraq "ciddi" narahatlıqlarını ifadə ediblər və məsələni birbaşa hökumət rəhbərləri qarşısında qaldıracaqlarını bildiriblər.

Son addımlar Ukraynada dərin köklərə malik korrupsiya problemlərinin həll olunmadığına dair narahatlığı yenidən gücləndirib. Bildirilir ki, hesabatlılıq və şəffaflığı təşviq etməyə yönəlmiş səylər güclü maraq qruplarının müqaviməti ilə üzləşir.

Keçən həftə Ukraynada korrupsiya ilə mübarizə üzrə tanınmış fəallardan biri və NABU-nun ikinci rəhbəri olan Vitali Şabunin məhkəmə qarşısına çıxarılıb. O, hərbi xidmətdən sistematik şəkildə yayınmaqda, ayda 1200 dollar məbləğində hərbi maaş almaqda və qanunsuz olaraq hərbi nəqliyyat vasitəsindən istifadə etməkdə ittiham olunur.

Müstəntiqlər bildirib ki, Şabunin ittihamlar üzrə təqsirli bilinərsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.

Onun tərəfdarları isə bu ittihamları "absurd" adlandırıb.

Ukraynanın 59 qeyri-hökumət təşkilatı (QHT) korrupsiya ilə mübarizə fəalının geniş etirazlara səbəb olan istintaqı ilə bağlı prezident Volodimir Zelenskiyə birgə çağırış edib.

Korrupsiya ölkə daxilində davam edən ciddi bir təhlükə olaraq qalır. Son illərdə Müdafiə Nazirliyi, dövlət prokurorları və varlı iş adamlarını əhatə edən bir sıra korrupsiya qalmaqalları yaşanıb.

Zelenskinin 2019-cu il seçkilərində inamlı qələbəsi cəmiyyətin köhnə vərdişlərdən – rüşvət və rüşvətxorluqdan – uzaqlaşaraq şəffaflıq və hesabatlığa doğru addım atması kimi qiymətləndirilmişdi. Lakin Rusiya ilə müharibə bu prosesi daha da çətinləşdirib.

Müharibə dövründə müdafiə planlaşdırıcıları bir sıra heyrətamiz satınalma qalmaqallarına görə ciddi tənqidlərə məruz qalıb.

Dünyada korrupsiya üzrə reytinqləri diqqətlə izlənən "Transparency International" təşkilatı bildirib ki, Ukrayna son illərdə Avropa inteqrasiyasına və beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə yönəlmiş islahatlar sayəsində xeyli irəliləyiş əldə edib.

Bununla belə, təşkilat qeyd edib ki, ötən il Ukrayna geriləyib, çünki islahatlar yalnız formal şəkildə həyata keçirilib və ya onların icrası qəsdən ləngidilib.

Ümumilikdə, "Transparency International"ın 2024-cü il üzrə Korrupsiya Qavrayış İndeksində Ukrayna 180 ölkə arasında 105-ci yeri tutub – Rusiyadan və Belarusdan öndə, lakin Moldova, Macarıstan və Rumıniyadan geridə olub.

XS
SM
MD
LG